Çəltik yetişdirilməsinə dair sahibkarlara tövsiyyə

 

Çəltik - yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. 

Respublikamız çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Birinci Lənkəran-Masallı zonası, ikinci Şəki-Zaqatala zonası, üçüncü isə Quba-Xaçmaz zonasıdır. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50-60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir. Çəltiyin “Ağ-qılçıq”, “Sarı-qılçıq”, “Uzros”, “Ağ-ənbərbü”, “Sədri”, “Krosnadar” kimi növləri Respublikamızda rayonlaşdırılmışdır.
Şəki-Zaqatala zonası üçün “Ağ-qılçıq”, “Sarı-qılçıq”, “Uzros” növləri daha məhsuldardır və iqlim şəraitinə uyğundur. Çəltikdən düyü çıxımı növlərdən asılı olaraq 60-75% olur.

Torpağın səpinə hazırlanması
Çəltik əkilmək üçün düz relyefli sahə seçilməlidir. Həmin sahə mütləq dərin dondurma şumu edilməlidir. Dondurma şumu faraş, oktyabr ayında başa çatdırılmalıdır. Dondurma şumu erkən yazda və səpin qabağı yenə şumlanmalıdır. İkinci şumdan sonra ləkləri hazırlamaq, onları hamarlamaq, tirləri düzəltmək və sahəni tam səpinə hazır vəziyyətə gətirmək lazımdır.

Toxumun səpinə hazırlanması
Yaxşı toxum yaxşı məhsul əldə etmək üçün həlledici şərtdir. Toxum ən yaxşı yetişən sahədən ayrılmalıdır, səpin qabağı toxum tam təmizlənməlidir, cücərmə faizi yoxlanmalıdır. Əllə səpin aparıldıqda səpin qabağı çəltik toxumları isladılır və cücərdilərək əllə səpilir.

Səpinin müddəti və norması
Çəltik əkini üçün may ayının 5-25-i arası Lənkəran-Masallı zonasında, 10-25-i arası isə Şəki-Zaqatala zonasında ən yaxşı dövr hesab olunur. Çəltiyin səpin norması bir hektara 140-150 kq olması məsləhətdir. Yerli şəraitə görə bu norma 10-15 faiz azaldıla, ya da artırıla bilər.

Çəltiyin vegetasiya müddətləri
Çəltik isitisevər bitkidir. Toxumun minimum cücərmə temperaturu 13-160 –dir. Çəltiyin tam cücərmədən kollanmasının axırına qədər olan dövr 30-32 günə başa çatır. Kollanmanın sonundan çiçəklənmənin axırına qədər 22-25 gün çəkir. Sütül və mum yetişkənliyi 20-250 temperaturda 18-20 gün, mum yetişkənliyin axırından 16-18 gün çəkir. Səpinin qurtarması ilə məhsulun yetişməsi 115-135 gündə başa çatır.

Çəltiyin səpin qaydaları
Çəltik iki üsulla: toxum səpilməsi və şitillə əkilir. Relyefi düz olan, sututar ləkləri iri olan sahələrdə toxumsəpən texnikalar ilə səpinin keçirilməsi düzgündür. Şəki-Zaqatala zonası üçün əl ilə səpin aparılması praktikada özünü doğrultmuşdur. Bu qaydad a aparılan səpində toxumlar torpaqda qida sahəsinə bərabər paylanır və toxum itkisinə yol verilmir, qənaət olunur.
Səpin zamanı toxumlar 1,5-2 sm dərinliyinə basdırılmalıdır.
Çəltiyin şitil üsul ilə yetişdirilməsi əsasən Lənkəran zonasında tətbiq edilir. Çəltik şitili xüsusi şitilliklərdə (tumçarlarda) yetişdirilir.
Tumçarlarda toxum aprelin birinci yarısında, torpaqda temperatur 10-120 , suda isə ən azı 14-150 olduqda səpilməlidir. Çəltik şitilləri tumçarlardan may ayının əvvəllərində kvadrat-yuva üsulu ilə əkilir. Bu zaman 15x15 sm sxemi ilə hər yuvaya 4-5 bitki əkilməlidir.
Əməliyyat əl ilə aparılır. Şitillərin boyu 15-17 sm olur.

Çəltiyə qulluq
Çəltiyin suvarılmasında aşağıdakı qaydalar vardır: Daimi suya basdırma, qısamüddətli suya basdırma və çəltiyi suya basdırmadan dövrü suvarma üsulları.
Şəki-Zaqatala zonasında daimi suya basdırma, Lənkəran zonasında isə şitil əkinində qısamüddətli suya basdırma üsulu üstünlük təşkil edir.

Çəltiyin inkişafında iki etap var.
Birinci-çəltiyin cücərməsindən kollamaya qədər olan dövründə torpaqda yüksək rütubətə nail olub, əkin suya basdırılmalıdır.
İkinci- kollama fazasından mum yetişkənliyi fazasına qədər tarlalar suya basdırılmalıdır. Çalışmaq lazımdır ki, su qatı 5-10 sm-dən qalın olmasın.
Çəltiyin mum yetişkənliyi dövründə su tədricən kəsilir və tarlanın rütüubət tutumu 70%-ə qədər qurudula bilər. Bu, məhsulun miqdarını azaltmır. Çəltik tarlalarında alaq otlarına qarşı daim mübarizə aparılmalıdır.
Kollanmanın aparılması dövrü hər hektara 150-160 kq azot və 70-80 kq superfosfat gübrəsinin verilməsi məhsuldarlığı artırır. Gübrə səpini dövrü 3-5 gün ləklərdə suyu saxlamaq lazımdır.

Məhsul yığımı
Yığımdan 12-15 gün qabaq zəmidən su kənar edilməlidir. Sünbüllər 80-90% saraldıqda biçin başlayır.
Yaxşı quru havada biçin 2-3 gün sərili qalır, qurudulur. Sonra dərzlərə bağlanmalıdır və çəltiyin döyülməsi 6-7 gündən sonra başlanmalıdır. Geniş sahələrdə məhsul yığımı taxıl kombaynları ilə həyata keçirilir. Çalışmaq lazımdır ki, məhsul itkisinə yol verilməsin.
Çəltik dəni saxlanılan anbarlarda rütubət 13-14%-dən artıq olmamalıdır.