Dəmyə şəraitində qarğıdalı bitkisinin becərilməsi

 

Qarğıdalı bitkisindən yüksək dən və yaşıl kütlə məhsulu almaq üçün ilk növbədə sahənin seçılməsi əsas amillərdəndir. Belə ki, istifadə olunan texnikanın hərəkəti, sahənin suvarılması, məhsulun yığılması, aparılan aqrotexniki tədbirlər sahənin relyefindən çox asılıdır. Bu sahələr yaxşı şumlandıqda torpağın su-fiziki keyfiyyətləri yaxşılaşmaqla bitkinin inkişafı üçün su ehtiyatı toplanir və torpaqda aerasiya orosesi yaxşılaşır.

Bu məqsədlə də qarğıdalı əkiləcək sahədə ilk əvvəl 8-12 sm dərinlikdə sələf bitkilərindən sonra üzləmə aparılır. Bu əməliyyatın əhəmiyyəti bitki və kövşən qalıqlarının xırdalanması, torpağın üst qatının yumşaldılması, alaq otlarının toxumlarının cecərməsi, nəmliyin saxlanmasından ibarətdir.

Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin müddətləri müxtəlifdir. Qarğıdalı istilik sevən bitki olduğundan torpaqda 8-100s istilik olduqda əkilməlidir. Respublikamızda becərilən dənlik və silosluq qarğıdalı sortlarının səpin norması torxumun böyüklüyündən asılı plaraq, 1000 ədəd dənin kütləsi 300-350 qr. hektara 17-20 kq olmaqla 45-50 min bitki hesabı ilə əkilir. Sahədə cərgəarası 70 sm. bitki arası isə 25 sm (70×25) olmalıdır. Səpinqabağı sahələrə hektara 20 ton peyin, fiziki çəki hesabı ilə 300 kq fosfor, 165 kq kalium gübrəsinin verilməsi və pərşum edilməsi məsləhət bilinir.

Dəmyə zonasının torpaq-iqlim şəraitindən asılı olaraq qarğıdalı bitkisinin normal böyüməsini və inkişafını təmin etmək üçün cərgəarası becərmələrdən 3 dəfə kultivasiya, bitki aralarının seyrəldilməsi və bitkilərin dib doldurulması aparılmalıdır.
Belə ki, yemlımə gübrəsi kimi qarğıdalı bitkisinin inkişafının 3-5 və 7-8 yarpaq əmələ gəlmə mərhələsində hektara fiziki çəki hesabı ilə 250-300 kq azot gübrəsi (amonium şorası) kultivasiyadan qabaq sahəyə verilməli və kultivasiya aparılmalıdır. Cərgə aralarında birinci kultivasiyanın 8-10 sm, ikinci kultivasiyanın 6-8 sm, üçüncü kultivasiyanın isə 5-6 sm dərinlikdə aparılması daha məqsədəuyğundur.

Qarğıdalı bitkisinin inkişafının ilkin mərhələsində alaq otlarına qarşı Lintur, 2,4 D Amin duzu, ziyanvericilərə qarşı "Karate", xəstəliklərə qarşı "Boleyton" preparatlarından istifadə edilməsi çox əhəmiyyətlidir.
Dən üçün yığılan məhsulun tərkibində nəmlik 27-30% olmalıdır..

Respublikamızda Azərbaycan Elmi Tədqiqat Əkinçılik İnstitunun Zaqatala Zona Təcrübə Stansiyasında yüksək məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlər alınmışdır ki, bunlar da müxtəlif torpaq-iqlim şəraitində becərilir. Belə ki, Zaqatala-68, Zaqatala-514, Xəzər, Mirvari və çoxlu perspektivli sortlar alınmış və onlar təsərrüfatlarda yüksək məhsuldarlığı və keyfiyyətinə görə seçilirlər.