Pambiq necə əkilməlidir?

 

Pambıq əkini üçün hazırlıq işləri şumdan başlayır.

ŞUM: Suvarma əkinçilikdə məhsuldarlığın artırılmasında nəzərdə tutulan əsas aqrotexniki kompleks tədbirlərdən biri də dondurma şumunun vaxtında və lazımi dərinlikdə aparılmasıdır. Şumun dərinliyi torpağın mexaniki tərkibindən, qurunt suyunun səviyyəsindən, humus qatının və şumaltı qatının qalınlığından asılıdır. Pambıqçılıq rayonlarında dondurma şumu əsasən 28-30 sm dərinlikdə noyabr ayının sonunadək aparılmalıdır. Əgər şum 35-40 sm dərinlikdə aparılırsa, qida maddələri ilə kasıb torpağın az münbit olan qatı yuxarı hissəyə çevrilir ki, bu da bitkinin uzun müddət qida maddələrində aclıq çəkməsinə və onun zəif inkişaf etməsinə səbəb olur. Odur ki, şum lazımi dərinlikdə aparılmalıdır. Şumdan əvvəl hər hektara 30-40 ton peyin və 500-600 kq superfosfat gübrəsi vermək lazımdır.

ARAT:Şoran torpaqların yuyulması fevral ayının sonunadıək qurtarmalıdır. Hər hektara 1800-2000 kub metr norma ilə su verilməlidir və torpağın üst qatına normal nəmlik ehtiyyatı yarandıqda səpinqabağı yüngül arat malası çəkilməlidir.

SƏPİN: Aprel ayının əsasən ikinci ongünlüyü çiyidin səpini dövrüdür. Bu vacib aqrotexniki tədbir havanın gündəlik orta temperaturu 13-14 dərəcəyə, torpağın temperaturu isə 11-12 dərəcəyə çatdıqda aparılır. Çiyid səpininə hazırlanması iki mərhələdə aparılır. Birinci emal müəssələrində , ikinci isə təsərrüfatlarda. Tüklü çiyidin taz cücərməsi üçün sıpindən əvvəl onu islatmaq lazımdır. Çiyidi islatdıqda onun rüşeymi şişir, onda həyat fəaliyyəti oyanır və böyüməyə başlayır.

ÇİYİDİN İSLADILMASI: Çiyidi islatmaq üçün onu sement və asfalt döşənmiş meydançaya 20-30 sm qalınlığında sərilir. Sonra su çiyidin hər yerinə eyni miqdarda səpələnməklə elə verilməlidir ki, su çiyidin üzərində qalsın. Bir ton quru çiyidə iki dəfə 250-300 litr su verilməli və taxta kürəklə qarışdırılmalı, zəhərlənməməlidir. 3-4 saatdan bir çevirməklə çiyidi islatmaq lazımdır. Çiyidi bol və axar suda islatmaq olmaz. Çünki çox isladılan çiyidin rüşeymi çox şişir və çürümə məhdudlaşır. Az islandıqda isə əksinə həyat fəaliyyəti yüksəlir. Dərmanlanmış çiyidi axar suda isladılmasına yol vermək olmaz,çünki onun üzərindəki dərman tamamilə yuyulub gedər. Səpsuvar üsulu ilə səpin aparıldıqda çiyid quru səpilir, sonra suvarma aparılır.

ÇİYİDİN SƏPİN NORMASI: Çiyidin səpin norması səpin üsulundan, çiyidin iriliyi və cücərmə faizindən , torpaq və iqlim şəraitindən asılıdır. Cərgəvi səpində hər metrə 50-60 ədəd tüklü çiyid basdırmaq lazımdır. Hər hektar üçün çiyid səpin norması 60-70 kq olmalıdır. Çiyidin basdırma dərinliyi adətən 3-5-6 sm dərinlikdə olmalıdır. Onun basdırma dərinliyi səpin müddətindən, temperaturdan, torpağın tipindən və nəmliyindən asılıdır. Tez isinən torpaqda çiyid 5-6 sm dərinliyə basdırılır. Lakin bu cür dərin basdırmada normal iş çıxış alınması dayaz basdırma variantına nisbətən çox çətin olur. Qurunt suyu səthə yaxın olan torpaqlarda səpin müddətində çiyidi 3-4 sm dərinliyə basdırmaq lazımdır. Çıxış alandan sonra cücərtilərin ilk inkişaf mərhələsində qida maddələri ilə daha yaxşı təmin etmək məqsədi ilə hər hektara səpinlə birlikdə toxumun yaxınlığından 6-7 sm aralı,11-12 sm dərinliyə, 20 kq fosfor gübrəsi, 200-30 kq ələnmiş quru peyin vermək lazımdır.