Taxıl əkinlərində suvarmanın səmərəliliyi
 


Taxıl əkinlərində suvarmanın səmərəliliyini artıran və səpin normasını azaldan texnologiya
Elm və qabaqcıl təcrübənin nəticələri göstərir ki, dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyadan istifadı etmək lazımdır. Bu texnologiyanın əsas  və başlıca elementlərindən biri dənli taxıl bitkilərinin səpin üsullarıdır.
Respublikamızın bütün bölgələrində dənli taxıl bitkilərinin səpini əsasən darcərgəli, cərgə arası 15 sm olmaqla aparılır. Lakin bu səpin üsulunda cərgədə bitkilər çox sıx yerləşir, onlar qida maddələrindən, nəmlikdən və günəş enerjisindən səmərəli istifadə edə bilmirlər.
Dünyanın bir çox ölkələrində dənli taxıl bitkilərini gencərgəli, cərgə arası 60-70 sm, 70-80 sm ləklərdə səpirlər. Ləklərin üzərində 2,3,4 cərgədə, cərgə arası məsafə 15-20 sm olmaqla toxum səpilir və ləklər arası şırımlar vasitəsilə suvarılır. Bu üsul çox metərəqqi və iqtisadi cəhətdən çox səmərəli üsul hesab olunur.
Fermer təsərrüfatlarında şırımlı səpin texnologiyasının tətbiqi
Taxılın şırım üsulu ilə səpilib becərilməsini düzən və suvarılan bölgələrdə həyata keçirmək mümkündür.  Bu üsulla səpin aparmaq üçün seçilmiş əkin sahələrinin maililiyi sıfıra yaxın olmalıdır.
Taxıl sələfindən sonra sahə kövşəndən təmizlənir və diskili alətlərlə 10-12 sm dərinliyində üzlənir və torpaqda asan mənimsənilən qida maddələrinin miqdarından asılı olaraq hektara təsiredici maddə hesabı ilə 60-90 kq fosfor gübrəsi və 15-20 ton peyin verildikdən sonra ön kotancıqlı kotanla 28-30 sm dərinlikdə şum aparılır.
Səpin qabağı isə sahədə 8-10 sm dərinlikdə diskili və  ya hamarlayıcı mala ilə üzləmə aparılır və sahə tam hamarlandıqdan sonra səpinə başlanır.
Erkən yazda hektara təsiredici maddə hesabı ilə 90-100 kq azot gübrəsi verilir və suvarılır. Taxılın kollanma fazasının sonunda cərgəarsı becərmə kultivatoru ilə şırımlar becərilir.
Şırım üsulu ilə səpin: Səpin Türkiyənin istehsalı olan  "Öztekin" markalı taxılsəpən maşın vasitəsilə aparılır.
Müasir tipdə istehsal olunan bu toxum və gübrəsəpən maşının en götürümü 2,8 m olmaqla bir gedişdə şırım arası 70 sm olmaqla 4 lək düzəldərək 3 cərgədə toxumu və 2 cərgədə gübrəni ləkin üzərində 3-4 sm dərinliyində səpərək hamarlayıcı "katokla" torpağı hamarlayır və kipləşdirir.
Torpağın sıfır becərmə variantından dünyanın bir çox ölkərində geniş istifadə olunur.
Bu toxumsəpən maşının üstünlüyü birdə ondan ibarətdir ki, torpağı becərmədən, yəni sıfır becərmə variantında da səpin aparmaq olar.
Şırımla səpinin üstünlükləri
       - Toxumun norması 50% azaldılır.
       - Suvarma suyuna qənaət etməklə suvarmanın səmərəliliyi artır və əmək məsarifi azalır.
       - Verilən gübrələrin səmərəliliyini artırır.
       - Xəstəlik və zərərvericilərin inkişafı üçün əlverişli şəriti azaldır.
       - Alaqlarla mübarizə güclənir.
       - Növbəli əkin üsulundan istifadə vacibləşir.
       - Məhsuldar gövdələrin miqdarı çoxalır, 1000 dənin kütləsi, kondi siyalılığı artır.