Baş səhifə » 2017 » İyun » 23 » Lənkəranda çayçılığın inkişaf yolları müzakirə edildi
09:54
Lənkəranda çayçılığın inkişaf yolları müzakirə edildi

İyunun 23-də Azərbaycan  Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,  Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Lənkəran çay filialı və Lənkəran Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təşkilatçılığı ilə “Çay bitkisinin mütərəqqi becərmə texnologiyaları, imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev seminar iştirakçılarını salamlayaraq,   aqrar  sahəsinin  inkişafında aparılan ardıcıl dövlət siyasətindən danışıb, çayçılığın inkişaf etdirilməsi ilə əlaqədar qoyulmuş məsələlərin icrasının əhəmiyyəti  haqqında ətraflı məlumat verib.

Seminarda çıxış edən Lənkəran  Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev rayonun əkin strukturunda çayçılığın xüsusi yer tutduğunu, vaxtilə Lənkəranda 6800 hektarda çay sahələrinin mövcud olduğunu, 60 min nəfərədək insanın bu sahədə çalışdığını və son illər bu sahənin yenidən bərpası istiqamətində əldə edilən uğurları diqqətə çatdırıb. 

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanovun “Çayçılığın vəziyyəti və əsas problemləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə çayçılığın inkişaf tarixinə, o cümlədən Azərbaycanda yayılmasına diqqət verilib, hazırda bu sahədə mövcud problemlər və onların həlli yolları barədə təkliflər açıqlanıb.

Sonra Lənkəran Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Teyyub Rzayev “Lənkəran iqtisadi rayonunda çayçılığın inkişafı”, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu direktorunun müavini Vahid Əliyev “Çay plantasiyalarının mütərəqqi üsulla becərmə texnologiyası” mövzularında məruzə ediblər.

Məruzələr ətrafında kənd təsərrüfatı elmlər namizədi Hazar Hüseynov, “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yağubov və başqaları çıxış edib, bu sahənin daha sürətli inkişafı ilə bağlı təkliflərini veriblər.

Çay fasiləsindən sonra seminar iştirakçıları Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Lənkəran çay filialına baş çəkib, burada çayçılığın inkişafı ilə bağlı görülən işlərlə əyani surətdə tanış olublar.  Müəssisənin təcrübə sahəsində MÇETİ-nin Lənkəran çay filialının şöbə müdiri Sabir Ramazanov “Müxtəlif əkin sistemlərində çay bitkisinin becərmə texnologiyası” mövzusunda çıxış edib.

Sonda seminar iştitakçılarına çayçılığın inkişafı üçün aparılan təcrübələr, yeni yaradılan çay sortları barədə ətraflı məlumat verilib.

Seminarda KTN-nin müvafiq qurumları, Lənkəran və ətraf rayonlarından çayçılıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edblər.

 

 

 

 

 

Категория: XƏBƏRLƏR | Просмотров: 345 | Добавил: lraeimm
Şərhlər: 0